Elmi Şura

Ədliyyə Akademiyanın Elmi Şurası onun ali idarəetmə orqanıdır. Elmi Şuranın qərarları Akademiyanın rektorunun  əmrləri ilə təsdiq edilir. Elmi Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Ədliyyə Akademiyasının Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin normativ hüquqi aktlarını, Nazirliyin kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, hakim vəzifəsinə namizədlərin tədrisi ilə bağlı Hakimlərin Seçki Komitəsinin və hakimlərin tədrisinə dair Məhkəmə-Hüquq Şurasının qərarlarını, habelə Ədliyyə Akademiyasının Elmi Şurası haqqında Əsasnaməni rəhbər tutur.

Elmi Şuranın tərkibinə rektor (Elmi Şuranın sədri), prorektorlar, elmi katib, fakültə dekanları, kafedra müdirləri, Akademiyanın struktur qurumlarının müsabiqə yolu ilə seçilmiş aparıcı işçiləri, habelə Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Vəkillər Kollegiyası Rəyasət Heyətinin, dövlət hakimiyyəti orqanlarının nümayəndələri, digər təhsil və elm müəssisələrinin aparıcı alimləri daxildirlər. Elmi Şuranın tərkibinə ədliyyə nazirinin razılığı ilə Ədliyyə Nazirliyinin struktur bölmələrinin rəhbərləri daxil edilə bilər.

Elmi Şuranın iclaslarına Akademiyanın rektoru sədrlik edir. O, olmadıqda isə Akademiyanın rektorunu əvəz edən prorektor sədrliyi həyata keçirir. Elmi Şuranın sayı və fərdi tərkibi Akademiyanın rektorunun təqdimatı ilə Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq edilir.

Elmi Şuranın işi bir il üçün planlaşdırılır və Akademiyanın illik iş planının tərkib hissəsidir. Elmi Şuranın iş planı barədə təkliflər Elmi Şuranın iclaslarında onun üzvləri tərəfindən irəli sürülür. Təklif olunan məsələnin müzakirəsinin zəruriliyi əsaslandırılmalı, məsul icraçılar və icra müddətləri göstərilməlidir.

Elmi Şuranın iclasları Akademiyanın rektoru tərəfindən Elmi Şuranın illik iş planına uyğun olaraq ildə iki dəfədən az olmayaraq çağırılır. Elmi Şuranın növbədənkənar iclasları Elmi Şura üzvlərinin üçdə iki hissəsinin tələbi ilə çağırılır.

Elmi Şurada müzakirə olunan məsələlər üzrə qərarlar iclasda iştirak edən Elmi şura üzvlərinin sadə səs çoxluğu ilə açıq səsvermədə qəbul edilir. Elmi Şuranın qərarı qəbul edilərkən səslər bərabər olarsa, Elmi Şuranın sədrin səsi həlledici hesab olunur.  Professor və dosent elmi adlarının verilməsi barədə təqdimata dair Elmi Şuranın qərarı gizli səsvermə yolu ilə qəbul edilir. Bunun üçün Elmi Şuranın iclasında iştirak edən üzvlərin azı üçdə iki səs çoxluğu tələb olunur.

Elmi Şurada aşağıdakı məsələlər həll olunur:

 ·          Ədliyyə Akademiyanın və onun struktur qurumlarının rəhbərlərinin hesabatlarını dinləyir, Akademiyanın struktur qurumlarının və özünün

        əsasnamələrini qəbul edir;

·            Akademiyanın Nizamnaməsinə dəyişikliklər və əlavələr edilməsi barədə təkliflər hazırlayır;

 ·          tədris, metodiki, elmi-tədqiqat fəaliyyəti məsələlərini həll edir;

 ·          elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində, dövlət və qeyri-dövlət qurumlarının təcrübi fəaliyyətində tətbiq edilməsini tövsiyə edir;

 ·          normativ hüquqi aktların layihələrinin hazırlanması planlarına dair təkliflər verir;

 ·          fakültə və kafedraların, elmi-tədqiqat şöbəsinin rəhbərlərini seçir və vəzifədən azad edir;

 ·          elmi və professor-müəllim heyəti vəzifələrinin tutulması üçün müsabiqə keçirir;

 ·          dinləyicilərin qəbulu qaydalarını və şərtlərini, tədqiqatçılarla işin qaydasını müəyyən edir;

 ·          Akademiyanın elmi-tədqiqat fəaliyyətinin illik iş planını qəbul edir;

 ·          elmi tədqiqatların prioritet istiqamətlərini müəyyən edir, elmi-tədqiqat planlarını və onların yerinə yetirilməsi üzrə hesabatları, pedaqoji kadrların

        hazırlanması və əlavə təhsil planlarını təsdiq edir;

 ·          əlaqədar təşkilatların iştirakı ilə işlənib hazırlanan elmi və təhsil proqramları, tədris planlarını, proqramlarını və ayrı-ayrı kursların proqramlarını qəbul

        edir;

 ·          təhsilini başa çatdırmış və başa çatdırmamış şəxslərə verilən sənədlər istisna olmaqla, Akademiyada həyata keçirilən digər təhsil proqramlarının

        nəticəsi üzrə verilən şəhadətnamənin formasını təsdiq edir;

 ·          digər dövlət və qeyri-dövlət orqanlarının ayrı-ayrı sahələr və məsələlər üzrə elmi tədqiqatlarının aparılması ilə bağlı müraciətlərini müzakirə edir və

        müvafiq qərar qəbul edir;

 ·          Akademiyanın elmi-pedaqoji işçilərinə müəyyən olunmuş qaydada professor və dosent elmi adlarının verilməsi üçün qanunvericiliklə müəyyən

        olunmuş qaydada təqdimat verir;

 ·          müraciət etmiş şəxslər sırasından qanunvericiliyə uyğun olaraq, doktoranturaya və dissertantların təhkim olunması, dissertasiya mövzusu, fərdi iş

        planı və elmi rəhbəri (məsləhətçisi) haqqında qərar qəbul edir;

 ·          Müstəsna hallarda, müvafiq ixtisasa malik fəlsəfə doktorları da doktorantlara elmi rəhbərlik işinə cəlb olunması haqqında qərar qəbul edir;

 ·          Elmlər doktoru elmi dərəcəsinə iddiaçı haqqında müvafiq şöbə, bölmə və kafedranın təqdimatı əsasında doktoranturaya qəbul, dissertasiyanın

        mövzusu, fərdi iş planı və elmi məsləhətçisi (məsləhətçilər) haqqında qərar qəbul edir;

 ·          Doktorantların fərdi iş planının yerinə yetirilməsi haqqında hesabatlarını dinləyir və həmin hesabat əsasında onun doktoranturada təhsilini davam

        etdirməsi barədə qərar qəbul edir;

 ·          Doktorantların bir ali təhsil müəssisəsindən, elmi təşkilatdan başqasına, həmçinin əyani təhsildən qiyabiyə və əksinə keçirilməsi barədə qərar qəbul

        edir;

 ·          Dissertasiya işini tamamlamaq məqsədi ilə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə dissertant təhkim olunmuş şəxslərə qanunvericilikdə

        müəyyən edilmiş müddətə yaradıcılıq məzuniyyəti verilməsi barədə qərar verir;

 ·          Akademiyanın fəxri adlarını təsis edir və bu adları verir;

 ·          elmi dərəcə, elmi adların verilməsi və məhrum edilməsi haqqında vəsatət verir;

 ·          elmi dərəcə və elmi adların bərpa edilməsi ilə bağlı müraciətlərə baxır;

 ·          Akademiyanın yerli və beynəlxalq assosiasiyalara, digər birliklərə daxil olması və onlardan çıxması məsələsinə dair təkliflər verir;

 ·          Akademiyanın daxili intizam qaydalarını təsdiq edir;

 ·          Hakimin tədris fəaliyyətində iştirak etmək məqsədilə ezam edilməsi barədə vəsatətlər verir;

 ·          Akademiyada təhsilin məzmunu və müddəti Akademiyanın kafedraları tərəfindən Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Prokurorluğunun,

        Vəkillər Kollegiyasının, dövlət və bələdiyyə orqanlarının, habelə cəmiyyətin tələbatlarına və Akademiyanın vəzifələrinə müvafiq olaraq dövlət təhsil

        standartları əsasında tərtib edilən ixtisas proqramları qəbul edir.

 ·          Akademiyanın Nizamnaməsi ilə səlahiyyətlərinə aid edilmiş digər məsələlərə baxır.