Ümumi məlumat

Ədliyyə Akademiyası “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzi əsasında yaradılmışdır.

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı ilə Ədliyyə Akademiyasının Nizamnaməsi təsdiq edilmişdir.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, ədliyyə və prokurorluq orqanları işçilərinin, hakimlərin, digər hüquqşünasların peşə hazırlığının artırılması, habelə cəmiyyətin ixtisaslı hüquqşünas kadrlarına ehtiyacının təmin edilməsi üçün yaradılmış tədris-elm müəssisəsidir.

Akademiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarlarını, əmr və sərəncamlarını, hakimlərin təliminə və tədrisinə dair Məhkəmə-Hüquq Şurasının qərarlarını, digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi rəhbər tutur.

Akademiyanın strukturu və ştat cədvəli Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq edilir. Akademiyanın strukturuna rektorat, fakültələr, kafedralar, idarələr, şöbələr, katiblik, kitabxana və digər qurumlar daxil edilir. Akademiyanın fəaliyyətinin mühüm məsələlərinə baxılması və həll edilməsi üçün onun ali idarəetmə orqanı olan Elmi Şura yaradılır. Akademiyanın struktur qurumlarının funksiyaları Elmi Şura tərəfindən qəbul edilən və Akademiyanın rektoru tərəfindən təsdiq edilən əsasnamələrlə müəyyən edilir.

Akademiyanın fəaliyyətinin əsas məqsədi ədliyyə, prokurorluq və məhkəmə orqanları, vəkillik fəaliyyəti üçün ixtisaslı kadrların hazırlanması, ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığının təmin edilməsi, ədliyyə və məhkəmə orqanlarının, vəkilliyin inkişafı naminə konseptual problemlərin tədqiq edilməsi, hüquq elminin müxtəlif sahələri üzrə fundamental, eksperimental və tətbiqi elmi araşdırmaların aparılmasıdır.

Akademiyada ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimi, həmçinin ilk dəfə hakim təyin olunmuş şəxslərin təlimi və hakimlərin davamlı tədrisi keçirilir.
Akademiyada tədris, təlim, icbari təlim və ixtisaslarının artırılması əyani təhsilalma forması üzrə  doktorantların hazırlanması isə əyani və qiyabi təhsil formaları üzrə həyata keçirilir.

Akademiyanın əsas vəzifələri aşağıdakılardan ibarətdir:

·      ali hüquq təhsili əsasında müxtəlif kateqoriyadan olan işçilərin peşə hazırlığının həyata  keçirilməsi və əlavə təhsilinin təmin edilməsi;

·      ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimin

     keçirilməsi;

·      ilk dəfə hakim təyin olunmuş şəxslərin təliminin və hakimlərin davamlı tədrisinin keçirilməsi;

·      hüquq elmləri sahəsində dissertantların və doktorantların hazırlanması;

·      ali ixtisas təhsili əsasında müxtəlif kateqoriyadan olan işçilərin hüquqi biliklərə yiyələnməsi məqsədilə hazırlanması və əlavə təhsilinin həyata

     keçirilməsi;

·      ali təhsil müəssisələrinin elmi-pedaqoji heyətinin əlavə təhsilinin həyata keçirilməsi;

·      dövlətin və cəmiyyətin yüksək ixtisaslı hüquq mütəxəssislərinə olan ehtiyacının ödənilməsi;

·      fundamental, eksperimental və tətbiqi elmi araşdırmaların aparılması, məhkəmə, hüquq mühafizə orqanları və digər dövlət və qeyri-dövlət

     qurumları üçün məlumat-analitik, elmi-metodik materialların, tövsiyələrin hazırlanması;

·      Akademiyanın maddi-texniki və metodiki bazasının, tədris və elmi fəaliyyətinin daim inkişaf etdirilməsi;

·      cəmiyyətin mədəni, mənəvi və elmi dəyərlərinin qorunması və artırılması;

·      hüquqi maarifləndirmə işinin aparılması.

·      Akademiya aşağıdakı kateqoriyadan olan dinləyicilərin hazırlanmasını və ixtisasının artırılmasını həyata keçirir:

·      ədliyyə işçilərinin və ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul olunan namizədlərin;

·      hakimlərin;

·      prokurorluq orqanları işçilərinin;

·      məhkəmə aparatı işçilərinin;

·      vəkillərin və vəkilliyə namizədlərin;

·      xüsusi notariusların;

·      dövlət orqanları işçilərinin, bələdiyyə üzvlərinin və qulluqçularının;

·      mülkiyyət növündən asılı olmayaraq idarə, müəssisə və təşkilatların işçilərinin;

·      Akademiyanın fəaliyyətinin əsas məqsədlərinə və vəzifələrinə müvafiq digər kateqoriyalardan olan    şəxslərin.

·      Akademiya xarici əlaqələri və beynəlxalq əməkdaşlığı, Akademiyada xarici ölkə vətəndaşlarının təhsili və ixtisasartırmalarını dövlətlərarası

     müqavilələr, Ədliyyə Nazirliyi ilə xarici ölkələrin aidiyyəti dövlət orqanları arasında bağlanmış sazişlər əsasında həyata keçirir.