Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş test və müsahibə mərhələlərində müvəffəqiyyət qazanmış namizədlərin icbari təlim proqramı uğurla başa çatıb
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş test və müsahibə mərhələlərində müvəffəqiyyət qazanmış namizədlər üçün dekabrın 22-dən etibarən başlayan icbari təlim proqramı uğurla yekunlaşıb.
Təlim proqramı çərçivəsində namizədlər üçün nəzəri tədris məşğələləri ilə yanaşı, praktiki dərslər, təcrübə proqramları və tanışlıq xarakterli tədbirlər təşkil olunub. Təlimin əsas məqsədi namizədlərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də ədliyyə sisteminin fəaliyyət istiqamətləri ilə yaxından tanış olmalarının təmin edilməsi olub.
İcbari təlim müddətində namizədlər Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Yasamal Rayon Məhkəməsi, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələri və 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, həmçinin Heydər Əliyev Mərkəzi, Ədliyyə Nazirliyində yerləşən Heydər Əliyev Muzeyi və Azərbaycan Ədliyyəsinin Tarixi Muzeyi, Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Təlimin yekun imtahanından uğurla keçən namizədlərə sertifikatlar təqdim ediləcək.
10-02-2026