ƏDLİYYƏ AKADEMİYASINDA XOCALI SOYQIRIMININ 25-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
Ədliyyə Akademiyasında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar 126 hakim vəzifəsinə namizədin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirə Heydər Əliyev Fondunun nümayəndələri Cavid Məmmədzadə və Fərid Cəfərov dəvət edilmişlər. Tədbirdə Xocalıda həlak olmuş əziz həmvətəlilərimizin xatirəsi bir dəqiqəlk sükut ilə yad edilmiş, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımının təfərrüatları və baş verdiyi şərait barədə iştirakçılar məlumatlandırılmışdır. Sonra Heydər Əliyev Fondunun nümayəndələri tərəfindən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verildiyi qeyd edilmiş, fondun “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirtdiyi tədbirlər və Soyqırım barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı gördüyü işlər barədə ətraflı təqdimat nümayiş etdirilmişdir. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görmüş Xocalı sakini Dürdanə Ağayevanın erməni əsirliyində olduğu müddətdə yaşadığı dəhşətli xatirələrinin əks olunduğu “Erməni əsirliyində 8 gün” adlı kitabın müxtəlif dillərdə nəşr olunaraq yayılması barədə iştirakçılara məlumat verilmişdir. Daha sonra Heydər Əliyev Fondunun nümayəndələri iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırmışdır.
2017-02-25