Ədliyyə Akademiyasında Akademik Zərifə Əliyevanın 100 İllik Yubileyinə Həsr Olunmuş Tədbir Keçirilib
Bu il ölkəmizdə oftalmologiya elminin inkişafında müstəsna xidmətləri
olan akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi tamam olur.
Bununla əlaqədar Azərbaycan
Respublikasının ədliyyə naziri tərəfindən təsdiq edilmiş “Akademik Zərifə
Əliyevanın 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı Tədbirlər
Planı”-nın 6-cı bəndinə müvafiq olaraq Ədliyyə Akademiyasında Ədliyyə
Nazirliyinin Tibb baş idarəsi ilə birgə Ədliyyə Nazirliyinin tibb xidmətinin və
Ədliyyə Akademiyasının əməkdaşlarının, Azərbaycan Tibb Universiteti Hərbi Tibb
Fakültəsinin tələbələrinin və ədliyyə könüllülərinin iştirakı ilə akademik Zərifə
Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Akademik Zərifə Əliyeva
adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat və təşkilati metodik bölməsinin
rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül xanım Abdıyeva “Dünya şöhrətli alim və
zəngin irsi” mövzusu ilə çıxış edərək Azərbaycan Respublikasının Əməkdar elm
xadimi, oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyat və yaradıcılıq fəaliyyətindən,
insanların sağlamlığı uğrunda gördüyü işlərdən, elmi əsərlərindən danışmış,
həmçinin onun yüksək ixtisaslı gənc alim kadrların hazırlanmasında,
oftalmoloq-həkimlərin ixtisaslarının artırılmasına göstərdiyi diqqət və qayğını
vurğulayıb. O, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və onun fəaliyyətinin
geniş təqdimatı ilə çıxış edərək göz xəstəliklərinin diaqnostikası, gözün
müayinəsi və müalicəsi üçün Mərkəzin beynəlxalq standartlara cavab
verən müasir diaqnostik avadanlıqlarla təchiz olunduğunu qeyd edib.
Daha sonra Tibb baş idarəsi Hərbi
həkim komissiyasının həkim-oftalmoloqu Nərgiz xanım Əfəndiyeva “Yüksək əqidə”
mövzusu ilə çıxış edərək Zərifə xanımınelmi-tədqiqatlarından, onun nursuz gözlərə
işıq paylamaq üçün göstərdiyi əvəzsiz xidmətlərdən, o cümlədən o dövrdə geniş
yayılmış gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan
traxoma infeksion xəstəliyinin müalicəsi üçün geniş tədqiqatları və
uğurlarından danışıb.
Həmçinin tədbirdə Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət qeyd olunub.
2023-02-20