Ədliyyə Akademiyasinda Xocali Soyqiriminin 31-ci İldönümünə Həsr Olunmuş Tədbir Keçirilib
Bu il Azərbaycan
tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı
Soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni
silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli
texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girərək bəşəri cinayəti–Xocalı
soyqırımını törətmişlər. Hər il xalqımız Xocalı faciəsini və amansızlıqla qətlə
yetirilmiş Xocalı şəhidlərini dərin hüznlə yad edir.
Bununla əlaqədar
olaraq Ədliyyə Akademiyasında Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının üzvlüyünə qəbulla bağlı icbari təlimə cəlb edilən namizədlərin də
iştirakı ilə tədbir keçirilib.
Tədbirin əvvəlində
şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış
nitqi ilə çıxış edən Akademiyanın rektoru Şahin Əliyev Xocalı faciəsindən və
ümumilikdə ermənilərin tarix boyu Azərbaycan xalqının başına gətirdiyi vəhşiliklərdən
danışaraq bildirib ki, Xocalı soyqırımı ermənilərin Azərbaycana qarşı
işğalçılıq müharibəsinin gedişində törətdiyi soyqırım cinayətlərinin ən dəhşətlisidir.
Tədbirdə çıxış edən
Akademiyanın Cinayət və cəza-icra hüququ, kriminologiya kafedrasının baş müəllimi
Şəlalə Quluzadə Xocalıda baş vərən vəhşiliklərdən, amansız işgəncələrdən, həmçinin,
ermənilərin xalqımıza qarşı törətdiyi digər soyqırım cinayətlərindən
danışıb, bu cinayətlərin beynəlxalq müstəvidə hüquqi-qiymətləndirilməsi məsələlərinə
də toxunub.
Tədbirdə qeyd
olundu ki, ermənilər bu cinayətləri ilə xalqımızın mübarizə əzmini qırmağa
çalışsalar da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və
güclü siyasi iradəsi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsindəki
qələbəsi ilə şəhidlərimizin qisasını aldı.
2023-02-28