Ədliyyə Akademiyasının təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələri “25 oktyabr-Avropada Mülki Ədalət Mühakiməsi günü” münasibətilə Yasamal Rayon Məhkəməsində olmuşlar.
Avropa Şurasının və Avropa Komissiyasının təşəbbüsü ilə 2003-cü ildən etibarən qeyd edilən “25 oktyabr-Avropada Mülki Ədalət Mühakiməsi günü” ölkəmizdə də geniş miqyasda qeyd olunur, bu münasibətlə məhkəmələrdə "açıq qapı" günləri, hüquqi maarifləndirmə, məhkəmələrin fəaliyyəti ilə tanışlıq tədbirləri həyata keçirilir.
Həmin tədbirlər çərçivəsində Ədliyyə Akademiyası ənənəvi olaraq “Avropada Mülki Ədalət Mühakiməsi günü” münasibətilə Bakı Dövlət Universitetinin hüquq fakültəsi tələbələrinin respublikanın məhkəmələri ilə tanışlıq tədbirlərini həyata keçirir.
Cari ilin 25 oktyabr tarixində Ədliyyə Akademiyasının təşkilatçılığı Bakı Dövlət Universitetinin tələbələri üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsi ilə tanışlıq tədbiri təşkil edilmişdir. Tədbir çərçivəsində Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev qonaqları qarşılayaraq, tələbələri Yasamal Rayon Məhkəməsinin inzibati binası ilə tanış etmiş, tələbələrə məhkəmə iclas zallarını, vətəndaşların qəbulu otağını, məhkəmənin kitabxanasını, icra xidmətinin yerləşdiyi otaqları göstərmişdir. Daha sonra onlara elektron məhkəmə informasiya sistemi, bu sistemindən istifadə qaydaları və sistemin texniki imkanları barədə ətraflı məlumat vermişdir. Tələbələrin həmçinin gələcəkdə açıq məhkəmə proseslərində iştirak etməsi, onları könüllü qismində məhkəmənin fəaliyyətində iştirak imkanları vurğulanmışdır. Sonda tələbələrin bütün sualları ətraflı şəkildə cavablandırılmış, xatirə şəkil şəkdirilmişdir.
2022-10-27