Ədliyyə Nazirliyi və BDU-nun Hüquq fakültəsi “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” mövzusunda konfrans keçirib
Ümummilli lider
Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham
Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində ədliyyə
orqanlarında və məhkəmələrdə Ulu Öndərin zəngin irsinə həsr olunan silsilə tədbirlər
davam etdirilir.
Bu münasibətlə
aprelin 17-də Ədliyyə Nazirliyi və Bakı Dövlət Universiteti tərəfindən Sumqayıt
Apellyasiya Məhkəməsinin birgə təşkilatçılığı ilə Sumqayıtda gənclər üçün “Heydər
Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” mövzusunda konfrans
keçirilib.
Tədbirdə Ədliyyə
Nazirliyinin məsul işçiləri, Sumqayıt apellyasiya və birinci instansiya məhkəmələrinin
hakimləri, məhkəmə aparatının əməkdaşları, Bakı Dövlət Universiteti Hüquq
fakültəsinin və Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və çoxsaylı tələbələr
iştirak ediblər.
Əvvəlcə Ümummilli
Liderin Sumqayıt şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub
və əziz xatirəsinə dərin ehtiram bildirilib. Həmçinin gənclər Heydər Əliyev Mərkəzində
Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən maraqlı ekspozisiyalar tanış
olub, Ümummilli Liderə həsr olunan filmə baxıblar. Heydər Əliyev Mərkəzi ilə
tanışlıq tələbələrdə xoş və zəngin təəssürat yaradıb.
Sumqayıt Məhkəmə
Kompleksində davam edən tədbiri Ədliyyə Nazirliyi İnsan hüquqları və
kommunikasiya idarəsinin rəisi Aynur Sabitova açaraq xalqımız və dövlətimiz
qarşısında misilsiz xidmətləri olan dahi öndər Heydər Əliyevin əziz xatirəsinə
həsr olunan tədbirlərdən bəhs edib. Bildirib ki, Ümummilli Liderin hər kəsə örnək
olan tükənməz irsi daim öyrənilməli və ondan bəhrələnilməlidir. Bugünkü tədbirin
məqsədi məhz Heydər Əliyevin dühası ilə bərqərar olmuş məhkəmə-hüquq sisteminin
fəaliyyəti və aparılan islahatlar barədə tələbələri məlumatlandırmaqdır.
Sonra Ümummilli
Liderin mənalı ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film nümayiş
etdirilib.
Sumqayıt
Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev çıxış edərək Ulu Öndərin müasir
müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasında rolunu qeyd edib, dahi rəhbərin
təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə
sisteminin təkmilləşdirilməsi üzrə aparılan ardıcıl tədbirlər və yeniliklər barədə
tələbələri məlumatlandırıb, Sumqayıtda müasir Məhkəmə Kompleksinin inşasını bu
islahatların mühüm tərkib hissəsi olduğunu bildirib.
Bakı Dövlət
Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlığı,
“Heydər Əliyev İli” çərçivəsində keçirilən birgə tədbirlərin tələbələr üçün
faydasını qeyd edib, ölkəmizdə hüquq elminin və təhsilinin Ulu Öndərin rəhbərliyi
dövründə yeni inkişaf dövrünə qədəm qoyduğunu, Ümummilli Liderin Hüquq fakültəsinə
xüsusi qayğısını, milli, o cümlədən hüquqşünas kadrlarının yetişdirilməsində əvəzsiz
rolunu vurğulayıb.
Çıxış edən
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri İlqar Dəmirov və Ruhiyyə Əsgərova əbədiyaşar
liderin hər zaman qanunçuluq, haqq və ədalət tərəfdarı olduğunu, fəaliyyətinin
bütün dövrlərində məhkəmə, ədliyyə və digər hüquq mühafizə fəaliyyətinə qayğılı
münasibət göstərdiyini bildirib, Ümummilli Liderin müəllifi olduğu üçpilləli
yeni məhkəmə sistemi, onun keçdiyi müasir inkişaf yolu barədə ətraflı məlumat
veriblər.
Tədbirdə
sual-cavab sessiyası keçirilərək tələbələri maraqlandıran suallara aydınlıq gətirilib,
maraqlı diskussiyalar aparılıb.
Konfrans çərçivəsində
gənclər Sumqayıt Məhkəmə Kompleksində yaradılan müasir şəraitlə, o cümlədən
ictimai və inzibati zonalar, məhkəmə iclas zalları, hakimlər üçün və digər
otaqlarla, “Elektron məhkəmə” informasiya sistemi və tətbiq edilən rəqəmsal
innovasiyalarla yaxından tanış olublar.
Sonda xatirə şəkli
çəkdirilib.
2023-04-17