Ədliyyə Nazirliyində akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunan oftalmoloji aksiya keçirilib
2023-cü ildə Azərbaycanın görkəmli alimi, oftalmologiya elminin inkişafında
müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi
tamam olur. Bu münasibətlə ölkə Prezidenti İlham Əliyev tərəfindən xüsusi Sərəncam
imzalanaraq çoxşaxəli tədbirlər həyata keçirilir.
Aprelin 7-də
Ədliyyə Nazirliyində dünya şöhrətli oftalmoloqun yubileyi münasibətilə Zərifə
Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən tibbi
aksiya təşkil olunub.
Zərifə Əliyevanın
yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında, oftalmoloq-həkimlərin peşəkarlığının
artırılmasında əvəzsiz rolu danılmazdır. Görkəmli alimin göz xəstəliklərinin
aşkarlanması, müayinə-müalicə və diaqnostikası ilə bağlı sanballı tədqiqatları
oftalmologiya elminin inkişafına mühüm töhfələr verib.
Akademikin adını
daşıyan Milli Oftalmologiya Mərkəzi paytaxtda və bölgələrdə mütəmadi səyyar
xidmətlər göstərir, Mərkəzin müasir diaqnostik və cərrahi avadanlıqla təchiz
olunmuş Səyyar Klinikası tərəfindən oftalmoloji aksiyalar keçirilir.
Nazirlikdə keçirilən aksiyada əməkdaşların, ədliyyə orqanlarında çalışan Vətən müharibəsi iştirakçılarının və onların ailə üzvlərinin Klinikanın həkim-oftalmoloqları tərəfindən oftalmoloji müayinələri aparılıb, zəruri tövsiyələr verilib. Aksiyanın keçirilməsində məqsəd onların səhhətləri ilə bağlı problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etmək olub.
2023-04-07