Ədliyyə Nazirliyində ulu öndər Heydər Əliyevin zəngin irsini əks etdirən kitab sərgisi keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə
Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli”
çərçivəsində aprelin 18-də Ədliyyə Nazirliyində Azərbaycan Milli Elmlər
Akademiyası Mərkəzi Elmi Kitabxanası ilə birgə Ulu Öndərin tükənməz irsini əks
etdirən kitab sərgisi keçirilib.
Nazirliyin rəhbərliyinin
və çoxsaylı kollektivinin, o cümlədən gənc ədliyyə işçilərinin, habelə Bakı
Dövlət Universiteti Hüquq fakültəsinin tələbələrinin iştirak etdiyi sərgidə
ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu və titanik fəaliyyətindən,
xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, respublikamızın hərtərəfli
inkişafına hesablanmış müdrik və uzaqgörən siyasətindən bəhs edən 400-dən çox
kitab və müxtəlif adda miniatür vəsaitlər nümayiş etdirilib.
Keçirilmiş sərgidə
çıxış edən ədliyyə naziri Fikrət Məmmədov tarixi şəxsiyyət Heydər Əliyevin
zəngin irsinin indiki və gələcək nəsillərə örnək olduğunu bildirib, sərginin əbədiyaşar
liderimizin yüksək amallarının təbliği və öyrənilməsi baxımından mühüm əhəmiyyətini
vurğulayıb. Nazir Azərbaycan ədliyyəsinin bir əsrlik tarixinə dair kitabı təqdim
edərək, onun böyük hissəsinin məhz müasir məhkəmə-hüquq sistemimizin müəllifi
olan Ulu Öndərin müstəsna roluna həsr olunduğunu diqqətə çatdırıb.
Kitabxananın Heydər
Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova tədbirin
mütəşəkkil qaydada təşkilinə görə minnətdarlığını bildirib, dahi Heydər Əliyev
haqqında yeni əsərlər, nəşrlər barədə məlumat verib, ədliyyə işçilərinin
Ümummilli Liderin irsinə böyük maraq göstərək sərgidə fəal iştirakını xüsusi
qeyd edib.
Ulu Öndərin hər kəsə nümunə ola biləcək həyat və fəaliyyəti barədə geniş təəssürat yaradan sərgi ilə tanışlıq gün ərzində davam edib.
2023-04-18