Azərbaycan Avropa Şurasının daha bir mühüm müqaviləsinə imza atıb
Ölkə Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi,
cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü
prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür, effektiv beynəlxalq əməkdaşlıq
həyata keçirilir.
Cinayətkarlıqla
qlobal mübarizədə fəal iştirak edən ölkəmiz bu sahədə beynəlxalq əməkdaşlığın səmərəsinin
artırılması, müvafiq konvensiyaların təkmilləşdirilərək müasir çağırışlara
uyğunlaşdırılması ilə bağlı öz töhfəsini verir, Ədliyyə Nazirliyi tərəfindən təkliflər
irəli sürülür, o cümlədən yeni müqavilələrin hazırlanmasında yaxından iştirak
edilir.
Ötən il dövlətimiz
tərəfindən "Ekstradisiya haqqında" Avropa Konvensiyasının təslimetmə
prosedurunun effektivliyinin artırılmasına xidmət edən Dördüncü Əlavə Protokolu
ratifikasiya olunub, bu sahədə səmərəli əməkdaşlıq aparılır.
Eyni zamanda
“Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasının
müvafiq sorğuların elektron qaydada göndərilməsini, dindirmələrin videokonfrans
vasitəsilə aparılmasını, Konvensiyanın əhatə dairəsinin genişləndirilməsini və
s. məsələləri özündə ehtiva edən İkinci Əlavə Protokolunun cinayətkarlıqla
mübarizədə səmərəliliyin və operativliyin artırılmasında əhəmiyyəti nəzərə alınaraq
Azərbaycan tərəfindən həmin sənədə qoşulması qərara alınıb.
Bununla əlaqədar
dövlətimiz adından bu sənədi imzalamaq üçün ölkə başçısı tərəfindən verilmiş səlahiyyətə
əsasən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun Strasburqa səfəri çərçivəsində
Avropa Şurası Baş katibinin müavini Byorn Berqenin və digər məsul şəxslərin
iştirakı ilə həmin Protokolun imzalanması mərasimi keçirilib.
Sonra keçirilmiş
görüşdə ədliyyə naziri tərəfindən Avropa Şurası ilə əməkdaşlıqda ölkəmiz üçün
2022-2025-ci illər üzrə qəbul edilmiş Fəaliyyət Planının implementasiyası çərçivəsində
Avropa məhkəməsi qərarlarının icrası ilə bağlı layihənin həyata keçirildiyi
vurğulanıb, ədliyyə, o cümlədən penitensiar, habelə məhkəmə sistemində aparılan
və beynəlxalq aləmdə təqdir olunan islahatlar və yeniliklər barədə verilmiş məlumat
maraqla qarşılanıb.
Baş katibin
müavini B.Berqe Avropa Şurasının ölkəmizlə əməkdaşlığının yüksək səviyyəsini
qeyd edərək may ayında Avropa Şurası tərəfindən üzv dövlətlərin başçılarının
Sammitinin keçiriləcəyini bildirib.
Söhbət zamanı Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən
müharibəsində Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızın Ermənistan tərəfindən
büsbütün minalanmasına toxunularaq mina terroru nəticəsində 300-ə qədər Azərbaycan
vətəndaşının həlak olduğu və ya yaralandığı bildirilib, bununla bağlı ANAMA tərəfindən
hazırlanmış xüsusi kitab təqdim edilib.
Səfər çərçivəsində
Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri xanım Siofra O’Liri
ilə ikitərəfli görüş keçirilib.
Azərbaycan və
Avropa Məhkəməsi arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizdə
həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat
verilib. Həmçinin, ədalət mühakiməsinin həyata keçirilməsində beynəlxalq normaların,
o cümlədən Məhkəmənin presedent hüququnun tətbiqinə xüsusi önəm verildiyi
bildirilib, bu məqsədlə bir çox milli təlimçilərin hazırlanması, hakimlərin,
hakimliyə namizədlərin və digər hüquqşünasların tədrisində beynəlxalq ekspertlərin,
o cümlədən Avropa Məhkəməsi hakimlərinin iştirakı, həmin Məhkəməyə tədris səfərlərinin
faydası qeyd edilib. Avropa Məhkəməsinə uzun müddət ezam olunan hakimlərimizin
beynəlxalq təcrübəyə yiyələnməsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda
Avropa Məhkəməsinin qarşısında duran çağırışlar, o cümlədən yüksək iş yükü və
bu problemin həlli yolları barədə fikir mübadiləsi aparılıb, digər maraq
doğuran məsələlər müzakirə olunub.
Tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov iştirak ediblər.
2023-04-06