Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərilir
Xəbər verildiyi kimi, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Honq-Konqda
Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) tədbirlərində
iştirak edib, bir sıra rəsmilərlə görüşlər keçirib.
Çinin Honq-Konq
xüsusi inzibati regionunun başçısı IAACA-nın rəhbər şəxsləri ilə görüşüb. Ölkəmizin
ədliyyə nazirinin iştirak etdiyi görüşdə Honq-Konqun rəhbəri Con Li korrupsiya
qarşı qlobal mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu sahədə Assosiasiyanın
rolunu yüksək qiymətləndirib, təşkilatın fəaliyyətinə dəstəyini ifadə edib.
IAACA-nın
vitse-prezidenti kimi respublikamızın ədliyyə naziri çıxış edərək Azərbaycan və
Çin arasında əlaqələrin yüksək səviyyəsini, ikitərəfli münasibətlərin möhkəmlənməsində
dövlət rəhbərlərinin xüsusi rolunu vurğulayıb, beynəlxalq antikorrupsiya
mübarizəsində mühüm rol oynayan Assosiasiyanın işində ölkələrimizin töhfəsini
qeyd edib. Honq-Konqun rəhbəri Çində “bir ölkə, iki sistem” prinsipinin tətbiq
olunduğunu bildirib, habelə Azərbaycanla daha sıx əməkdaşlığa maraq göstərib.
F.Məmmədov
Honq-Konqda ədliyyə naziri Pol Lam ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın
inkişafından məmnunluq ifadə edilib, səmərəli hüquqi əlaqələr qeyd edilib, hər
iki ölkənin ədliyyə və məhkəmə sistemi barədə faydalı fikir mübadiləsi
aparılıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ədliyyə
və məhkəmə sistemində aparılan islahatlar və yeniliklər maraqla qarşılanıb.
Nazir P.Lam rəhbərlik
etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, hüquqi yardım və ekstradisiya məsələlərinə
toxunaraq ölkəmizlə hüquqi əməkdaşlığın genişləndirilməsi ilə bağlı niyyətini
ifadə edib. O, həmçinin Azərbaycanın IAACA-ya mühüm töhfəsini təqdir edib.
Səfər çərçivəsində
Honq-Konqun Korrupsiyaya qarşı Müstəqil Komissiyasının sədri Deni Vu ilə görüş
keçirilərək həm IAACA çərçivəsində, həm də ikitərəfli səviyyədə səmərəli əməkdaşlıqdan
danışılıb. Nazir ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya
qarşı sərt mübarizə aparıldığını, Azərbaycan brendi olan və BMT tərəfindən
dünyanın ən qabaqcıl dövlət xidməti kimi qiymətləndirilən "ASAN xidmət"in
vətəndaş məmnunluğu doğuran fəaliyyətini qeyd edib.
Komissiyanın sədri
Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu vurğulayıb, Honq-Konqda beynəlxalq
antikorrupsiya akademiyasının yaradılması təşəbbüsünü irəli sürdüyünü bildirərək
bu məsələdə dəstək göstərilməsi ilə bağlı müraciət edib, təcrübə mübadiləsinin əhəmiyyətini
qeyd edib.
Eyni zamanda,
Honq-Konqun yüksək məhkəməsinin sədri ilə görüş keçirilərək hər iki ölkədə məhkəmə
sistemi barədə qarşılıqlı məlumat verilib. Bu sahədə mühüm nailiyyətləri olan
Azərbaycanın məhkəmə-hüquq sistemində aparılan islahatlara və yeniliklərə, o
cümlədən yüksək texnoloji müasir məhkəmə infrastrukturuna, “Elektron məhkəmə”
sisteminin tətbiqinə, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf
seçim proseduruna böyük maraq göstərilib.
Həmçinin, məhkəməyə
baş çəkilərək səhnələşdirilmiş məhkəmə təşkil olunub və tətbiq olunan İT
imkanları nümayiş etdirilib, təcrübə mübadiləsi aparılıb.
Tədbirlərdə
IAACA-nın prezidenti Saymon Peh iştirak edib.
Keçirilən bütün görüşlərdə həmsöhbətlərin diqqəti Vətən müharibəsində Böyük Qələbəmizlə torpaqlarımızın işğaldan azad edilərək sürətli bərpasına, ərazilərimizin işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün minalanması faktına cəlb edilib, bununla bağlı hazırlanmış xüsusi broşür təqdim olunub.
2023-04-27