Bələdiyyələrin dayanıqlı inkişafı diqqət mərkəzindədir
Ölkə Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə respublikamız dinamik inkişaf yolunda əmin
addımlarla irəliləyir, genişmiqyaslı islahatlar həyata keçirilir, təhlükəli
sosial bəla olan korrupsiyaya qarşı qəti mübarizə aparılır. Bu istiqamətdə bələdiyyələrin
fəaliyyətinin təşkili, dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi,
şəffaflığın artırılması və korrupsiyanın yolverilməzliyi barədə göstərişlərinə
bələdiyyələr tərəfindən ciddi əməl olunması üçün Ədliyyə Nazirliyi tərəfindən
müxtəlif maarifləndirmə və digər tədbirlər həyata keçirilir.
Martın 3-də Bələdiyyələrlə
iş mərkəzində Bakı bələdiyyələrinin iştirakı ilə yerli özünüidarəetmədə şəffaflıq
və hesabatlılığın gücləndirilməsi, həmçinin yerli büdcələrin dayanıqlılığının təmin
edilməsinə həsr olunan müşavirə keçirilib.
Tədbirdə ilk növbədə
ölkəmizdə yerli özünüidarəetmənin formalaşmasında Ulu öndərin əvəzsiz xidmətləri,
bələdiyyələrin yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində mühüm rol
oynaması üçün qayğı və diqqəti xüsusi vurğulanaraq Ümummilli liderin adı ilə
bağlı olan bu əlamətdar ildə ölkəmizdə yerli demokratiyanın inkişafı üçün səylərin
daha da artırılmasının vacibliyi diqqətə çatdırılıb.
Müşavirədə eyni
zamanda yerli özünüidarəetmədə innovativ iş üsullarının tətbiqi, korrupsiyaya
qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, bələdiyyələrə ictimai etimadın, həmçinin
yerli büdcələrin əsas gəlir mənbələrindən olan yerli vergi və ödənişlərin ödənilməsinə
diqqətin daha da artırılması və s. kimi məsələlərə toxunulub. Dövlət başçısının
2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı
mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət
Planı”nında aidiyyəti tapşırıqların icrasında bələdiyyələrin rolunun
artırılması tövsiyə edilib.
Həmçinin yerli
büdcə gəlirlərinin artırılması üçün mövcud potensialdan səmərəli istifadə
olunması, büdcə intizamının gücləndirilməsi, yerli büdcədən vəsaitlərin
ayrılması, o cümlədən büdcənin icrası barədə hesabatların hazırlanması zamanı
qanunvericiliyin tələblərinə ciddi əməl olunması zərurəti qeyd olunub.
Yerli özünüidarəetmənin
mahiyyətinə uyğun olaraq yerli əhali ilə sıx təmasların, bələdiyyələrin fəaliyyəti
barədə əhalinin mütəmadi məlumatlandırılmasının əhəmiyyəti və s. məsələlər də
müzakirə olunub.
Sonda bələdiyyələr tərəfindən səsləndirilən məsələlər üzrə fikir mübadiləsi aparılıb və ötən il ərzində bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım tədbirlərinin nəticəsi olaraq yerli özünüidarəetmədə əldə olunan müsbət dəyişikliklər qeyd olunaraq qarşıda duran hədəflərə çatmaq üçün səylərin artırılması zəruriliyi vurğulanıb.
2023-03-03