CEPEJ Alətlərinə və Metodologiyasına Əsasən Məhkəmə Fəaliyyəti ilə Bağlı Hesabatların Hazırlanması Mövzusunda Təlim Keçirilib
Cari ilin 10
fevral tarixində Avropa Şurasının Bakı Ofisi ilə birgə Ədalət Mühakiməsinin
Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) və Ədliyyə Akademiyasının əməkdaşlığı
çərçivəsində hakimlər üçün “CEPEJ alətlərinə və metodologiyasına əsasən məhkəmə
fəaliyyəti ilə bağlı hesabatların hazırlanması” mövzusunda təlim
keçirilib.
Təlimdə Avropa
Şurasının Bakıdakı Ofisinin rəhbəri Petr Zıx, Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyinin Beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul şəxsi Məryəm
Hacı-İsmayılova və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov açılış nitqi
ilə çıxış edərək, layihə çərçivəsində görülmüş işlər barəsində ətraflı məlumat
vermiş, CEPEJ alətlərinin öyrənilməsinin əhəmiyyəti vurğulayıblar. Tərəfdaşlar
yeni layihələrdə də hər zaman əməkdaşlığa hazır olduqlarını bildirərək, mövcud əməkdaşlığın
daha da gücləndirilməsi üçün çalışacaqlarını qeyd ediblər.
Keçirilən təlim
zamanı Avropa Şurasının Tiflisdəki Ofisinin layihə üzrə əməkdaşı
Domitille Qotye De Şarnas, CEPEJ-in statistika üzrə mütəxəssisi Toni
Vilela, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev, Bakı şəhəri
Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərov və Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Strateji Planlaşdırma və Monitorinq Baş İdarəsinin qrup rəhbəri,
CEPEJ-in Azərbaycan üzrə milli müxbiri Leyla Zakirovanın təqdimatları dinlənilib.
Təlimdə Bakıdan və
regionlardan məhkəmə sədrləri və hakimlər iştirak ediblər.
Qeyd etmək lazımdır ki, müvafiq təlim “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətinin artırılması” layihəsi çərçivəsində həyata keçirilib. Layihənin ümumi məqsədi Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması və məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi yolu ilə məhkəmə istifadəçilərinin ədalət mühakiməsinə çatım imkanının daha da yaxşılaşmasını təmin etməkdir.
2023-02-20