Hüquq fakültəsində “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron məlumat platformasının təqdimatı keçirilib
Ədliyyə Nazirliyi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsi arasında səmərəli
əməkdaşlıq həyata keçirilərək hüquqşünas tələbələrin hərtərəfli inkişafı,
dünyagörüşlərinin artırılması məqsədilə birgə tədbirlər görülür, nəzəri biliklərini
praktikada daha asan mənimsəmələri üçün ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı
“açıq qapı” günləri, təqdimatlar təşkil olunur.
2023-cü il “Heydər
Əliyev İli”ndə 100 illiyini qeyd etdiyimiz Ümummilli Liderin zəngin irsinin,
dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərinin yeni nəslə aşılanması
məqsədilə nazirlik tərəfindən “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron
məlumat platforması yaradılıb.
Fevralın 17-də həmin
platformanın Hüquq fakültəsinin tələbələri üçün təqdimatı keçirilib.
Təqdimatda Ədliyyə
Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova və
nazirliyin məsul əməkdaşları, Universitetin Hüquq fakültəsinin dekanı Zaur
Əliyev və professor-müəllim heyəti, hüquqşünas tələbələr iştirak ediblər.
Tədbirdə müstəqil
dövlətimizin banisi ulu öndər Heydər Əliyevin demokratik hüquqi dövlət
quruculuğunda, müasir hüquq sistemimizin bərqərar olmasında müstəsna rolu və
xidmətləri qeyd olunub, Ümummilli Liderin siyasi varisi, ölkə Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli uğurlu inkişafı
vurğulanıb. Bildirilib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Vətən
müharibəsində Böyük Qələbəmizlə doğma torpaqlarımızı işğaldan azad etməklə Ulu
Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirib.
Çıxışlarda Ulu Öndərin
irsinin öyrənilməsi və təbliğində respublikamızın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın və rəhbəri olduğu Heydər Əliyev Fondunun mühüm fəaliyyəti
xüsusi qeyd olunub.
“Heydər Əliyev və
Azərbaycan ədliyyəsi” elektron platforması auditoriyaya əyani təqdimatla
nümayiş etdirilib. Bildirilib ki, platforma iki hissə və on iki bölmədən ibarət
olmaqla hüquq sistemimizin banisi Ulu Öndərin həyat və fəaliyyəti, qanunçuluq,
dövlətçilik, hüquq-mühafizə və məhkəmə fəaliyyəti ilə bağlı çıxışları, müdrik kəlamları,
tarixi qərarları əhatə edir. Eyni zamanda platforma Heydər Əliyevin fəaliyyətinin
bütün dövrlərində hüquq sisteminə, Azərbaycan ədliyyəsinə qayğısı, nazirlik tərəfindən
Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan tədbirlərlə bağlı məlumatları,
yazıları, foto və video materialları özündə əks etdirir.
Tədbirdə platformanın Ulu Öndərin çoxşaxəli irsinin tədqiqinə və təbliğinə mühüm töhfə olduğu qeyd edilib, tələbələr üçün faydalı elektron informasiya resursu kimi əhəmiyyəti vurğulanıb.
2023-02-17