Ulu Öndərin əziz xatirəsinə həsr olunan qanvermə aksiyası
Ümummilli Liderin
anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən
Ulu Öndərin əziz xatirəsinə həsr olunan tədbirlər davam etdirilir.
Bu münasibətlə
nazirliyin İmişli regional ədliyyə idarəsində könüllü qanvermə aksiyası təşkil
edilib.
Qeyd olunmalıdır
ki, ölkəmizdə əhalinin sağlamlığının qorunmasına, hemofiliya və talassemiya xəstəliklərindən
əziyyət çəkən insanların qabaqcıl dünya təcrübəsinə uyğun müalicə olunmasına
xüsusi diqqət yetirilərək, bu sahədə məqsədyönlü tədbirlər görülür.
Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə könüllü qanvermə aksiyaları keçirilir.
Həyata keçirilən
tədbirlər insanların donor qanına ehtiyacı probleminin həllinə, qeyd olunan xəstəliklərin
effektiv müalicəsinə xidmət edir. Bu cür nəcib və xeyirxah tədbirlərdə ədliyyə
işçiləri hər zaman fəallıq nümayiş etdirərək mütəmadi qanvermə aksiyalarına
qoşulurlar.
Novruz bayramı ərəfəsində
Mərkəzi Qan Bankının dəstəyi ilə regional idarədə keçirilən tədbirdə qanalma əməliyyatının
aparılması üçün zəruri tibbi ləvazimatlar təmin olunub. Aksiyada bölgədə fəaliyyət
göstərən ədliyyə qurumlarının məsul şəxsləri, hakimlər, prokurorlar,
hüquq-mühafizə orqanlarının, məhkəmə aparatının işçiləri, İmişli Rayon İcra
Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının
təmsilçiləri, bələdiyyə üzv və qulluqçuları, eyni zamanda Vətən müharibəsi şəhidinin
atası iştirak edərək könüllü qan veriblər.
Aksiya iştirakçıları toplanan qanın xəstəlikdən əziyyət çəkən şəxslərə kömək olmasını arzulayıb, qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini ifadə ediblər.
2023-03-16